Əlincə qalası

 Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir.

XVIII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188-1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur.

Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Atabəy Özbək Xarəzmşah Cəlaləddin Mənguberdinin yürüşləri zamanı Əlincə qalasına sığınmış, burada da vəfat etmişdir. Əmir Teymurun Azərbaycana yürüşü zamanı Teymuri qoşunlarının hücumu Əlincə qalasından yan keçməmişdir. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur. 14 illik mübarizədən sonra Əlincə qalasının tutulması müxtəlif mənbələrdə qeyd edilmişdir. Əmir Teymurun vəfatından sonra qala Qaraqoyunluların hakimiyyəti altına keçmiş, bir dövr Teymuri-Qaraqoyunlu müharibəsi başlamışdır. Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycanda orta əsrlər dövründə baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincə qalası dağılmış və siyasi hadisələrdəki mövqeyini itirmişdir.

Qala ilk öncə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür.

Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı içqalası dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən içqalaya yalnız sıldırım qayalıqsan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30-40 sm olan dar cığır yonulmuşdu. Hazırda bu cığır təbii aşınmaya məruz qalaraq dağıdılmışdır. Hakimlərin, o cümlədən Eldənizlər dövləti hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincə qalasının divarları və qalanın daxilində yerləşən tikililərdə yüksək tikinti mədəniyyəti, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar görünür.